Bakıda dələduz “polkovnik” tutuldu

  • 15.12.2017
  • 0

Bakıda özünü polkovnik kimi təqdim edərək dələduzluq yolu ilə insanları aldadan və külli miqdarda pulunu mənimsəyən şəxs tutulub. DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Tofiq Qasımov bildirib ki, avqustun 6-da özünü hüquq-mühafizə orqanlarının polkovnik rütbəli zabiti kimi təqdim edən əvvəldən tanıdığı Rizvan adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq 11000 manat pulu mənimsənilib. Şikayətçi ərizəsində həmin şəxsin pulu ondan oğlunu universitetlərdən birinin hüququ fakültəsinə düzəldəcəyi adı ilə aldığını qeyd edib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Xətai RPİ-nin müstəntiqi Ruslan Sadıqov bildirib ki, əvvəllər Cinayət Məcəlləsinin dələduzluq, hədə-qorxu ilə tələb etmə, silah gəzdirmə və sağlamlığa zərər vurma maddələri ilə məhkum olunan Cəfərov Rizvan Rəcəb oğlu saxlanılıb. Saxlanılan zaman onun əynində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin işçisi olmadığı halda həmin orqanın xüsusi geyim forması olub. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Rizvan Cəfərovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun dələduzluq və ya digər qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə məlumat verə bilərlər.

Nə düşünürsən?