Zabratda 20 yaşlı gənc qız niyə intihar edib?

  • 23.02.2021
  • 0

Son bir neçə gündür ard-arda gənc qızların intihar xəbərləri gündəmi zəbt edib. 

APA TV xəbər verir ki, Sevil Atakişiyevanın ölümündən sonra 20 yaşlı Fidan İsmayılzadə də canına qəsd edib.

Sabunçu rayonunun Zabrat qəsəbəsindəki istixana kombinatında yaşayan Fidan intihar üçün qəsəbədə əlillər üçün tikilmiş 9 mərtəbəli binasını seçib.

Dünən saat 16:30 radələrində 20 yaşlı Fidan İsmayılzadə 9 mərtəbəli bu binanın 8-ci mərtəbəsindən özünü atıb və yerindəcə dünyasını dəyişib.

Hadisənin şahidi olan Hüseyn Ağayev deyir ki, Fidan intihar edərkən cibində telefon, qulağında da qulaqcıq olub: “Dünən axsam saat 5-in yarısında mən evə gəldim, bir də gördüm ki, hay-küy düşdü. Dedilər ki, yuxarıdan adam özünü atıb. Mən də düşdüm aşağı, gördüm ki, bir qadındır. Baxanda əvvəlcə tanımadım. Cibində telefon, qulağında qulaqcıq var idi. Sonra tanıdım. Bizim köhnə evimizdə qonşumuz olub. Biz də əmisinə, ailəsinə xəbər etdik”.

Hüseyn Ağayevin sözlərinə görə, Fidanın ailəsi ilə münasibətləri normal olub: “Mən ailələrini çoxdan tanıyıram. Ailəsi ilə problemi olmayıb. Atası özü də sakit insandır, anası da onun kimi. Qardaşı da var 19-18 yaşında olar”.

Fidan İsmayılzadə bu gün dəfn olunub. Ailə üzvlərinin başı dəfn mərasiminə qarışdığı üçün hadisə ilə bağlı hələlik hər hansı açıqlama verə bilməyəcəklərini bildiriblər.

Fidanın intihar etməsinin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?