Rusiya Ermənistana 9 təyyarə silah göndərib

  • 16.08.2020
  • 0

Tovuz təxribatından sonra Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının kəskin şəkildə artırması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Rəsmi məlumata görə, Rusiya Tovuzdakı təxribatdan ötən 20 gün ərazində Ermənistana müasir silahlarla dolu 9 hərbi təyyarə (400 ton hərbi təyinatlı yük) göndərib. Rusiyanın il-76TD hərbi-nəqliyyat təyyarələri Ermənistana silah daşımaq üçün Rostov-Mineralnıye Vodı-Aqtau-Türkmənbaşı-Novşəhr-Rəşt-Meğri-İrəvan marşrutunu seçib. Çünki Gürcüstan Azərbaycanın sərt reaksiyasından sonra Rusiyanın Ermənistana göndərdiyi silah-sursatın öz ərazisindən keçirilməsinə icazə verməyib. Rusiya Qazaxıstan-Türkmənistən-İran-Ermənistan marşrutundən istifadə etməyə məcbur olub. Azərbaycan cəmiyyətini narahat edən bu məsələ ölkıə başçısı İlham Əliyevin Rusiya prezidentinə telefon zəngi zamanı geniş müzakirə olunub. İlham Əliyev Vladimir Putinə Azərbaycan ictimaiyyətinin narahatlığını çatdırıb. Ordu.Az saytının baş redaktoru Şahin Qocayev Missiya.Az-a açıqlamasında bildirib ki, Azərbaycanın qonşu dövlətlərə qarşı yürütdüyü xoşməramlı siyasət zaman-zaman unudulur: “Əvvəlcə onu deyim ki, Rusiya-Ermənistan və Azərbaycan-Rusiya münasibətləri arasında ciddi fərqlər var. Son dövrlərə qədər Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiya ilə daha yaxından əməkdaşlıq edib. Azərbaycanın şimal qonşumuzla hərbi, iqtisadi və siyasi sferalarda yaxından əməkdaşlığı ümid yaradırdı ki, münasibətlər kifayət qədər yaxşıdır və rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinə daha fərqli çərçivədən baxacaq. Amma son hadisələr göstərdi ki, Azərbaycanın qonşuları ölkəmizin xoşməramlı siyasətindən düzgün nəticələr çıxarmır. Ümumiyyətlə, Azərbaycan region ölkələrinə qarşı həmişə balanslı siyasət həyata keçirib, heç bir ölkənin ərazisinə müdaxilə etməyib, daxili işlərinə qarışmayıb. Amma Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra aydın oldu ki, bəzi qonşularımız Azərbaycanın həyata keçirdiyi xoşməramlı siyasəti unudublar. Rusiyadan öncə Ermənistana Tovuz döyüşləri zamanı Serbiya silahları qonşumuz Gürcüstan ərazisindən göndərmişdi. Daha sonra Rusiyanın Ermənistana Tovuzda döyüşlər gedən zaman tələsik bir neçə reys hərbi yüklə dolu təyyarə göndərməsi çox ciddi məsələdir və belə görünür ki, Azərbaycan nə qədər xoşniyyətli strategiya yeritsə də, bəzi qonşularımızı bu siyasi gedişlər qane etmir. Onlar öz məkirli siyasətlərindən əl çəkmək fikirində deyillər”. Rəsmi Moskvanın İrəvana bundan əvvəl də kifayət qədər silah-sursat göndərdiyini deyən Şahin Qocayev bildirib ki, Rusiyanın Ermənistana 1997-ci ildəki qalmaqalı zamanı, həmçinin Aprel döyüşlərindən sonra “İsgəndər” operativ-taktiki raket komplekslərinin verməsi hərbi balansın dəyişdirilməsinə hesablanmışdı: “Bu çərçivədən baxsaq, Rusiya Ermənistana həmişə silah ötürüb. Tovuz təxribatına qədər Ermənistanda baş vermiş siyasi proseslərə nəzər salaq. Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsi və dəyişikliyə qədər rəsmi İrəvana Aprel döyüşlərindən sonra “İsgəndər” raketlərinin verilməsi regionda hərbi balansı pozurdu və balansın pozulması nəticəsində düşmənin əli-qolu açılmışdı. Nəticədə düşmən Azərbaycanı mülki və strateji obyektlərini vurmaqla hədələdi. Təsadüfi deyil ki, Tovuzda döyüşlər başmamışdan əvvəl Ermənistan rəhbərliyində olan bəzi şəxslərin, xüsusilə orduya yaxınlığı ilə seçilən Ermənistanın sabiq müdafiə naziri, “Yerkrapah” təşkilatının sədr müavini Vağarşak Harutyunyan Azərbaycanın neft-qaz kəmərlərinin və Mingəçevir Su Anbarının vurulması ilə hədələmişdi. Bu hədələrdən sonra Tovuzda təxribat baş verdi”. Ş.Qocayevin sözlərinə görə, rəsmi Moskvanı təşvişə salan və Ermənistana silah tədarükünü birdən birə artırmağa sövq edən məqamlardan biri Azərbaycanın Tovuz tərxibatı zamanı verdiyi müstəqil qərarlardır: “Döyüşlər davam etdiyi müddətdə Rusiya və ABŞ-dən atəşkəslə bağlı çağırışlar gəlsə də, Azərbaycan qətiyyətli mövqe nümayiş etdirdi və düşmənə ağır zərbə vurdu. Görünür, Azərbaycanın qətiyyətli mövqeyi Rusiyanı təşvişə salıb. Təbbi ki, Rusiya Azərbaycanın müstəqil qərarlar qəbul etməsini həzm edə bilmir. Nəticədə Kreml Ermənistana silah tədarükünü artırmaqla bağlı qərar verib. Proseslər göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə konstruktiv yanaşmır və diplomatik baxımdan Minsk Qrupunda üzərinə düşmən məsuliyyəti yerinə yetirmir. Bu məqam Minsk Qrupunun tərkibinin dəyişdirilməsinə və Türkiyənin münaqişənin həllində vasitəçilik missiyasını öz üzərinə götürməsinə zəmin yaradır”. Şahin Qocayev bildirib ki, “İsgəndər” hava hücumundan müdafiə sistemlərinin Ermənistana verilməsi, bunun fonunda Azərbaycanın strateji obyektlərinin vurulacağı ilə bağlı hədələr və ardınca İrəvana Moskvadan “Tor-M2” hava hücumundan müdafiə sistemlərinin və "SU-30" qırıcı təyyarələrinin verilməsi konkret olaraq Rusiyanın mövqeyinin dəyişmədiyini göstərir: “Nə qədər rəsmi İrəvan Rusiyaya qarşı çıxış etsə də, təbbi ki, Moskva Ermənistana Paşinyan nöqteyi-nəzərdən baxmadığını göstərir. Moskva erməni xalqına göstərməyə çalışır ki, Paşinyanı sevməsələrdə xalqın yanındadırlar, onu qoruyurlar. Rusiya bu siyasi manevrləri ilə erməni cəmiyyətinin qərbə istiqamətlənməsinin qarşısını almağa çalışır. Rəsmi Moskvanın bu istiqamətdə atdığı addım çoxşaxəlidir və özündə daha genişmiqyaslı tədbirləri cəmləşdirə bilər. Bu tədbirlərə qarşı Azərbaycan və Türkiyənin birgə hərbi və siyasi əməkdaşlığı daha da genişlənəcək. Düşünürəm ki, Türkiyə Suriya və Liviyada olduğu kimi Azərbaycanın işğal altındakı ərazilərində düşmənə döyüş əməliyyatları ilə cavab verəcək". Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin birgə təlimlərinin keçirilməsinin də Rusiyanı narahat etdiyini deyən Şahin Qocayev bildirib ki, rəsmi Moskva hazırda bölgəni itirmək təhlükəsi ilə üz-üzədir: “Türkiyənin Suriya və Liviyada apardığı əməliyyatlar, xüsusilə İdlib böhranı çərçivəsində keçirdiyi “Barış pınarı” əməliyyatında Rusiyanı ciddi məğlubiyyətə uğratması, Liviyada rəsmi Moskvanın dəstəklədiyi Xəlifə Həftar qüvvələrinin geri oturdulması və bununla yanaşı Ukrayna ilə sıxlaşan münasibətləri Rusiyanı narahat etməyə bilməz. Əlbəttə ki, Tovuz təxribatı zamanı rəsmi Ankaranın İrəvana ciddi və haqlı iradları Rusiyanı bölgəni itirmək qorxusu ilə üz-üzə qoydu. Rusiyanın Ermənistana silah tədarükünü artırmasının digər səbəbi Türkiyə-Azərbaycan hərbi yaxınlaşması və genişmiqyaslı hərbi təlimlər keçirməsi ola bilər”.