Məktəb binası qəzalı vəziyyətə düşüb

  • 18.09.2020
  • 0

Lənkəran rayonu Göyşaban kənd tam orta məktəbin binası qəzalı vəziyyətdədir. Bu isə daha keyfiyyətli təhsil imkanlarını məhdudlaşdırır. Bəzi valideynlər də şəraitsizliyə görə övladlarını nisbətən uzaqda yerləşən şəhər məktəblərinə göndərməyə məcbur olublar. Lənkəran Rayon Təhsil İdarəsi məlumat verib ki, növbəti illərdə məktəb üçün yeni bina tikiləcək. Uçub dağılmaqda olan tavan. Yararsız halda olan döşəmə. Qış aylarında odun sobası ilə çətinliklə qızdırılan sinif otaqları.. Bura qəzalı vəziyyətdə olan Lənkəranın Göyşaban kənd tam orta məktəbidir. 3 korpusdan ibarət olan məktəb 1960-ci ildə istifadəyə verilib. 225 şagird yerlik olan məktəbdə hazırda 335 şagird təhsil alır. Bəzi validenlər deyirlər ki, sözügedən məktəbdəki şəraitsizlik, xüsusilə istilik sisteminin olmaması qış aylarında vəziyyəti daha da acınacaqlı edir. Ona görə də onlar övladlarını nisbətən uzaqda yerləşən şəhər məktəblərinə göndərməyə məcbur olurlar. Məsələ ilə bağlı Lənkəran şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov Xəzər Xəbərə bildirib ki, bu il rayonun 3 kəndində Heydər Əliyev Fondunun vəsaiti hesabına məktəb tikilib və yaxın dövrdə həmin təhsil ocaqlarının açılışı nəzərdə tutulub. Göyşaban kənd tam orta məktəbi üçün isə növbəti illərdə yeni binanın tikilməsi nəzərdə tutulub. İndi valideynlər yeni məktəb binasının tikiləcəyi günü gözləyirlər.

Nə düşünürsən?