Bakıda qaz tənzimləyicisi hərəkətə mane olur

  • 24.09.2020
  • 0

Bakıda qaz tənzimləyicisinin düzgün yerdə qoyulmaması piyadaların təhlükəsiz hərəkətinə mane olur. Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Yasamal rayonu, Məhəmməd Naxçıvani ilə Giləzi küçəsinin kəsişməsindən gedir. Ərazidə illər əvvəl qaz tənzimləyicisinin kortəbii şəkildə quraşdırılması səki ilə hərəkət edənlər üçün problem yaradır. İki piyada üz-üzə gəldikdə, biri digərinə yol vermək üçün mütləq yolun hərəkət hissəsinə keçməli olur. Bu da olduqca təhlükəlidir. Piyadaların sözlərinə görə, qaz tənzimləyicisi ilə yanaşı səkinin ortasında bir işıq dirəyinin də olması uşaqlar və əlil arabası ilə hərəkət edən şəxslərə də problem yaradır. Yaşlı şəxslər isə həmin səki ilə çox çətinliklə hərəkət edirlər. Məsələ ilə bağlı ''Azəriqaz'' İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov bildirib ki, sözügedən qaz tənzimləyicisi illər əvvəl yaxınlıqda inşa edilən çoxmərtəbəli yaşayış binasının sahibi tərəfindən qoyulub. Qurum rəsmisinin sözlərinə görə, yaxın günlərdə tənzimləyici ordan götürüləcək. Piyadaların hərəkətinə mane olan işıq dirəyinin aqibətinə gəldikdə isə, Bakı Şəhər İcra Hakimiyyətindən ''Xəzər Xəbər''ə bildiriblər ki, onun da yeri yaxın günlərdə dəyişdiriləcək. Bununla da piyadaların rahat və təhlükəsiz hərəkəti təmin ediləcək. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?