Müharibə vaxtı baş nazir Manukyan olsaydı...

  • 16.01.2021
  • 0

Paşinyanı Azərbaycanın keçmiş prezidentlərindən birinə bənzətmək doğru deyil. Paşinyan elə “Ermənistanın Paşinyanı”dır. Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistanın müxalifət lideri Vazgen Manukyanın RBC-yə müsahibəsini şərh edərkən deyib. O bildirib ki, 74 yaşlı Vazgen Manukyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün fəal mübarizə aparmış şəxslərdən biridir: “O, 1990-1991-ci illərdə Ermənistanın baş naziri, 1992-1993-cü illərdə Ermənistan müdafiə naziri postlarını tutub. Hazırda Ermənistan müxalifətinin baş nazirliyə vahid namizədidir. Özünü Ermənistan müxalifətinin rəhbəri adlandıran bu şəxsin əlinə gözəl fürsət düşüb. 44 günlük müharibəni biabırçı şəkildə uduzan Ermənistan məğlubiyyətin fəsadlarını hələ uzun illər yaşayacaq. İrəvanda hər kəs bir-birini günahlandırır. Ermənistan müxalifəti də Paşinyan və onun komandasını ittiham edir”. Politoloq bildirib ki, Manukyan Paşinyanın düşdüyü vəziyyətdən öz lehinə istifadə etməyə çalışır: “Manukyanın müsahibəsində ən diqqət çəkən məqamı “əgər Paşinyan rayonları döyüşsüz qaytaracaqdısa, niyə bunu əvvəldən etmirdi” sualı oldu. Məsələ ondadır ki, bu müharibənin olacağı bəlli idi. Bunu hər kəs bilirdi, elə Manukyan da. Yəni nə Ermənistan torpaqları dinc yolla qaytaracaqdı, nə də Azərbaycan işğalla barışacaqdı. Nəticədə müharibə oldu və Azərbaycan qələbə qazandı. Paşinyanın yerində Manukyan olsa, bu, onun başına gələcəkdi”.

Nə düşünürsən?