Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.
KONKRET.az xəbər verir ki, gecə saat 02:45-dən başlayaraq Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayış evləri yenidən ER-nın Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub.
Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqələrimizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub. Düşmənin daha 2 hərbiçisi zərərsizləşdirilib.
Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.
Eyni zamanda bildiririk ki, Ermənistan kütləvi informasiya vasitələrinin sərhəd döyüş məntəqələrimiz tərəfindən atəşkəs rejiminin pozulması barədə məlumatları həqiqətəuyğun deyil, bölmələrimiz tərəfindən Ermənistanın yaşayış məntəqələri istiqamətində atəş açılmayıb, mülki şəxs hədəf alınmayıb. Bizim mübarizəmiz sivil insanlarla deyil, işğalçılarladır.