Azərbaycan-Pakistan əlaqələri genişlənir

  • 04.03.2021
  • 0

Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir
Pakistan Asiyada yerləşən mühüm geosiyasi mövqeyə malik olan ölkə, nüvə dövləti, İslam Əməkdaşlıq Təşkilatının aparıcı üzv ölkələrindən biridir. Belə bir ölkə ilə tərəfdaşlıq Azərbaycan üçün əhəmiyyətlidir. Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci ölkədir.

Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. 1993-cü il aprelin 30-da Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib, bu dövləti bir təcavüzkar kimi ittiham edib. Pakistan yeganə dövlətdir ki, Dağlıq Qarabağı və ətraf əraziləri işğal etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımayıb. Və nəhayət Azərbaycanın 44 günlük haqq savaşında onun yanında olan, ona mənəvi dəstək göstərən ölkədir Pakistan. Azərbaycan da buna cavab olaraq həm müharibədə, həm də qələbələrimizi qeyd edən zaman Pakistan bayrağını Azərbaycan və Tükiyə bayraqları ilə yanaşı dalğalandırıb.

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov, Azərbaycanın da Kəşmir və digər məsələlərdə daim Pakistanın mövqeyini dəstəklədiyini deyir. Bu dəstək BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir.


Azərbaycan-Pakistan əlaqələri

Azərbaycan-Pakistan birgə hərbi təlimləri keçirilə bilər

Pakistan dünyanın ən güclü hərbi imkanlara malik ölkələrindən biridir. Hərbi ekspert Ramil Məmmədov bunu İslam ölkəsinin uzun illərdir müharibə şəraitində olması və ordusunun da məhz müharibədə formalaşması ilə izah edir. Beləliklə Pakistan ordusu praktik döyüş mərhələsini keçmiş, bu gün də müharibə vəziyyətindədir. Ən əsası da bu ordu muzdlulardan təşkil olunmayıb və o xalq ordusudur. Pakistan ordusunun silah və texnika parkına nəzər salsaq görərik ki, onların hər biri real döyüş şəraitinə uyğunlaşdırılıb. İslam ölkəsinin hərbi önəmini artıran məqamlardan biri də onun nüvə dövləti olmasıdır.

Azərbaycanla Pakistan arasında hərbi sahədə əməkdaşlığın dərin kökləri və böyük potensialı var. Hələ 2002-ci ildə iki ölkə arasında Müdafiə və Hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb və bu əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.

Azərbaycan-Pakistan əlaqələri

İki ölkə arasında illik ticarət dövriyyəsi 15 milyard dollardan çoxdur

Əhalisi 200 milyondan çox olan Pakistanla Azərbaycanın iqtisadi əlaqələri də yüksələn xətt üzrə inkişaf edir. Hazırda ölkəmizdə 2 mindən çox Pakistan şirkəti fəaliyyət göstərir. İki ölkə arasında illik ticarət dövriyyəsi 15 milyard dollardan çoxdur. Bu son iki ildə iki dəfəyə yaxın artıb.

Gələcəkdə Pakistanın Azərbaycandan keçən mövcud və yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacağı və beləliklə də iki ölkə arasında əməkdaşlığın bu sahədə də genişləndiriləcəyi planlaşdırılır.

Nə düşünürsən?