COVAX-ın rəyinə Azərbaycandan rəsmi cavab

  • 05.03.2021
  • 0

COVAX-ın rəyinə Azərbaycandan rəsmi cavab
Azərbaycan vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsi məsələsi ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırır.

Bunu Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı deyib. O, təşkilata üzv dövlətləri həmin təşəbbüsü dəstəkləməyə dəvət edib.

"Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə yardımı etmişik. Azərbaycan koronavirusla əlaqədar dünyanın 30-dan artıq ölkəsinə humanitar və maliyyə yardımı edib.

Azərbaycan yanvar ayının 18-dən peyvəndləmə prosesinə başlayıb. Biz regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biriyik. Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq.

Azərbaycan bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırır və mən İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini həmin təşəbbüsü dəstəkləməyə dəvət edirəm".

Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olmasına baxmayaraq, bu gün ədalətsiz vaksin bölgüsü ilə üz-üzədir. Belə ki, dünyada COVID-19-a qarşı hazırlanmış peyvəndlərə ədalətli əlçatanlığı təmin etmək məqsədilə yaradılmış COVAX mexanizmi Azərbaycanın bu platforma çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilmədiyini bildirib. ÜST tərəfindən verilən məlumata görə, 29 yanvar tarixinədək peyvənd proqramına başlamış iştirakçı ölkələr “Pfizer-BioNTech” peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilməyiblər. Artılq "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" COVAX-ın bu qeydinə narazılığını ifadə edib: "Bu əsaslandırma aydın deyil və bununla bağlı müddəalar heç bir hüquqi sənəddə və rəsmi yazışmalarda öz əksini tapmayıb. Azərbaycan ÜST-ün tövsiyələrini nəzərə alaraq, vaksinasiya strategiyasını təsdiqləyib və vaksinlərin qəbulu üçün bütün texniki tələbləri yerinə yetirib. " Agentlik mövqeyini COVAX-a göndərilən rəsmi məktubda bildirib və təşəbbüskar qurumları qərara yenidən baxmağa çağırıb.

Azərbaycanın vaksin istehsal edən müxtəlif şirkətlərlə uğurlu əməkdaşlığı nəticəsində ölkəmizə Çin dövlətinin istehsalı olan "Coronavac" vaksinlərinin gətirilməsi təmin edilib. Artıq yanvarın 18-dən ölkədə peyvənd prosesinə start verilib.

Qeyd edək ki, REAL TV olaraq COVAX-la əlaqə saxladıq. Bizə bu mövzu ilə bağlı müsahibə verəcək şəxsin olmadığı bildirildi.

Ümid edək ki, COVAX bütün üzv ölkələrlə əməkdaşlığı ədalətli şəkildə davam edəcək, növbəti mərhələdə təxirə salınmadan başqa üzv ölkələrlə bərabər Azərbaycanı da peyvəndlə təmin edəcək.

Nə düşünürsən?