Düşmənin mina tələsi

  • 02.03.2021
  • 0

Xəritəsi təqdim olunmayan minalı sahələr təhlükə mənbəyidir
Bir neçə gün bundan əvvəl prezident İlham Əliyev 4 saatlıq mətbuat konfransı zamanı yerli və xarici media nümayəndələrinin müxtəlif aspektdə ünvanladığı 50-ə yaxın suallarını 4 dildə cavablandırdı.

Tədbirin təxminən ikinci saatında Rusiyanın RİA-Novosti agentliyinin əməkdaşının verdiyi sual bir məsələnin dünyanın diqqət mərkəzində olduğunu növbəti dəfə göstərdi.

Həmin məsələ müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənmə prosesi ilə bağlı idi.

Ölkə başçısının dəqiq və çevik cavabları əsasında 44 günlük müharibədən sonra işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi istiqamətində gedən işlər dünyanın diqqətinə çatdırıldı.

Gəlin ötən ilin noyabrın 25-də Azərbaycan ordusunun işğaldan azad edilən Kəlbəcərə necə daxil olmasını xatırlayaq. Kadr 44 günlük müharibənin qalibiyyətinin heç də asan olmadığını deyir. Hər bir zəfər addım-addım, qarış-qarış dəqiqlik hesabına qazanılıb. Düşmən məqsədli şəkildə işğalda saxladığı bütün əraziləri, hətta hərbi təyinatı olmayan əraziləri belə minalayıb.

Eyni zamanda göstərilən kadr düşmən hiylələrinin göstəricisi idi. Məhz bu məqsədlə minalardan təmizləmə prosesi istiqamətində addımlar atıldı.
Azad edilmiş ərazilərdə qoşunların hərtərəfli mühəndis təminatı üzrə tədbirlərin görülməsinə başlanıldı. Belə ki, mühəndis Qoşunlarının bölmələri avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yolları bərpa etməyə və minalardan təmizləyə başladı. Bundan əlavə əkin sahələri də minalardan təmizləndi. Artıq ilk əkin işlərinə başlanıb.

Hazırda da Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri aparılır. Bu günədək xeyli sayda mina və partlamamış döyüş sursatı utilizasiya edilib.

Görülən işlər çərçivəsində Türkiyədən alınan müasir tələblərə cavab verən mühəndis texnikası və avadanlıqlarının bir hissəsi ölkəmizə gətirildi. Texnika və avadanlıqlar azad edilmiş ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilərək yaşayış məntəqələrimizin və əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb edilir.

Daha sonra Türkiyədən texnikaların və avadanlıqların sınaq mərhələsi həyata keçirildi. Qardaş ölkədən ilkin mərhələdə 20 ədad mexaniki mina təmizləmə texnikası alınıb.

Bundan əlavə Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti xüsusi hazırlanmış mühəndis şəhərciklərində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə məşqlər keçirdi.

Məşqlər zamanı istehkamçılar ərazinin kəşfini aparır, xüsusi avadanlıqda və təlim keçmiş itlərdən istifadə etməklə minaların aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim tapşırıqlarını icra edir.

Prezident İlham Əliyevin sözlərinə görə, müharibə başa çatandan dərhal sonra ərazilərin minalardan təmizlənməsində iştirak etmək və bizim istehkamçılara treninqlər keçirilməsi üçün Türkiyə Müdafiə Nazirliyindən 100-dən çox mütəxəssis ezam edilib.

Hazırda Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazirliyinin pirotexniklərindən ibarət qrupu Azərbaycanın FHN-nin əməkdaşları ilə birlikdə işğaldan azad olunan torpaqlarda minaların təmizlənməsi əməliyyatını həyata keçirir.

Bundan başqa rusiyalı minaaxtaranlar Xocalının minalardan təmizlənməsi işlərinə də başlayıb. Prosesdə çoxfunksiyalı URAN 6 robot kompleksindən istifadə edilir. Bu işə Rusiyanın Müdafiə Nazirliyinin mina axtaranlar şöbəsi də cəlb olunub.

Ölkə başçısının qeyd etdiyinə əsasən, ilk növbədə, haranın və necə minalardan təmizlənməli olması barədə beynəlxalq təcrübə var. Buraya kommunikasiyalar, yaşayış məntəqələri və kənd təsərrüfatı fəaliyyəti üçün yerlər aiddir.

Əslində isə postmüharibə dövründə Cenevrə Konvensiyasının mina əleyhinə fəaliyyət və sülhün bərqərar olunması ilə bağlı əməkdaşlıq qaydaların ikinci hissəsinə əsasən Ermənistan tərəfi minalanmış sahələrlə bağlı xəritələri Azərbaycana təhvil verməli idi.

Qeyd edək ki, bu minalar həm hərbçilər, həm də mülki insanlar üçün təhlükə olaraq qalmaqdadır. Ərazilərin işğaldan azad edilməsindən sonra bu qəbildən olan şəxslər minaların qurbanına çevrilib.

Bu təhlükənin mövcudluğunu nəzərə alaraq işğaldan azad olunmuş ərazilərin mina və digər partlayıcı maddələrdən təmizlənməsi əməliyyatları bitənədək Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri əhalidən həmin bölgələrə icazəsiz səfər etməməyi xahiş və tələb edir.

REAL

Nə düşünürsən?