Ermənistan ordusunda reformlar: nəyə hazırlaşırlar?

  • 23.02.2021
  • 1.1K baxış
  • 0

Ermənistan ordusunda müharibədən sonra təhlillərin aparılması və reformlar gözlənilən idi. Təbii ki, Azərbaycan Ordusunda da bu gün reformlar getməlidir və gedir. Düşmənin bizi öyrəndiyi kimi, biz də düşməni öyrənməli, ordumuzun üstünlüyünü daim qorumalıyıq.

Bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyanın Qarabağdakı müharibədən sonra erməni ordusunda Rusiyanın reformlar apardığı haqda sözlərini şərh edərkən deyib.

O bildirib ki, Arutyunyan islahat işlərində əsas səylərin idarəetmə sisteminin inkişafına, kəşfiyyat, radioelektoron mübarizəyə, hava hücumundan müdafiəyə, pilotsuz aviasiyaya, raket qoşunlarına və artilleriyaya yönəldiləcəyini bildirib:

“Ümumiyyətlə, bizdə erməni ordusunda PUA-nın olmaması kimi yanlış düşüncə var. Əslində isə Ermənistan ordusunda da PUA-lar vardı. Məsələ ondadır ki, düşmən arsenalındakı PUA-lar zərbə PUA-ları deyil, kiçik kəşfiyyat dronlarıdır.

Azərbaycan Ordusunun arsenalında isə “Bayraqdar”, “Harop” kimi son texnologiya ilə hazırlanmış modern PUA-lar var.

Buna görə də ermənilərin orduda islahatlar aparması məntiqlidir. Ancaq bu islahatların iki ölkə arasındakı ordu fərqini aradan qaldıracağını düşünmürəm. Çünki Ermənistan ordusunun hazırda apardığı islahatlar Rusiyanın verdiyi hərbi kreditlər əsasındadır və daha çox rus silahlarına əsaslanır. Azərbaycan isə öz maliyyə gücü ilə ordusunu modernləşdirib, silahları da bir dövlətə bağlı deyil. Yəni iki ordu arasındakı texniki və texnoloji fərq böyükdür”.

Polkovnik onu da qeyd edib ki, müharibədən sonra Azərbaycan Ordusunda da islahatlar davam edir:

“Bu gün Ermənistan ordusunda aparılan reformlar ordunun əsasən çatışmazlığı, zəifliyi və Azərbaycan Ordusunun üstünlükləri əsasındadır. Azərbaycan Ordusunda isə islahatın istiqaməti və hədəfi daha modern silahların alınması, dünyanın ən güclü orduları sırasında olmaqdır. Ordumuz təkmilləşir, inkişaf edir. Çünki müharibə riski hər zaman var”.

Nə düşünürsən?