Lavrov Qarabağa “status” mesajında nəyə işarə etdi?

  • 19.01.2021
  • 0

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanın Qarabağ bölgəsinin statusu məsələsinə toxunaraq bildirib ki, 10 noyabr Bəyanatında bu barədə bənd yoxdur və gələcəkdə bu işlə Minsk Qrupunun həmsədrləri məşğul olacaq. Yəni o, faktiki olaraq ermənilərə demək istədi ki, status mövzusu Moskva üçün aktual deyil. Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən gün mətbuat konfransında söylədiyi fikirləri şərh edərkən deyib. Politoloq qeyd edib ki, Lavrov Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ideyasının “ekzotik” olduğunu və Moskvanın gündəliyində belə bir məsələnin heç vaxt olmadığını vurğuladı: “Lavrovun açıqlamasında ən diqqətçəkən məqam Laçın dəhlizi ilə bağlı dedikləri oldu. Belə ki, o, Laçın dəhlizi üzərindən Ermənistanla Qarabağ arasında gediş-gəlişin Bəyanatda vurğulandığını və bunun təbii olduğunu söylədi. Yəni Lavrov demək istədi ki, əgər Azərbaycanın materik hissəsinin Naxçıvanla əlaqəsi olacaqsa, Ermənistanın da Qarabağla əlaqəsi olmalıdır və bu yanaşma 10 noyabr Bəyanatına uyğundur. Lavrovun bu sözlərindən həm də onu anlamaq olar ki, Ermənistan rəsmilərinin Qarabağa səfərlərində anormal heç nə yoxdur və buna görə Azərbaycandan icazə alınmamalıdır. Lavrovun sözlərinə görə, guya Azərbaycan etiraz etmir. Halbuki Prezident İlham Əliyev yanvarın 6-da verdiyi açıqlamada Ermənistan xarici işlər nazirinin Azərbaycan torpaqlarına qanunsuz gəldiyini bildirdi”. Politoloq bildirib ki, Azərbaycan XİN Lavrovun Laçın dəhlizinin açıq saxlanılması ilə bağlı çıxışına rəsmi səviyyədə reaksiya verməlidir: “Yoxsa Ermənistandan kim istəsə, Qarabağa gələrək təxribatçı açıqlamalar verəcək. Ermənistanla sərhəd nəzarətə götürülməlidir. Bunun başqa yolu yoxdur. Kim zəmanət verə bilər ki, Ermənistandan Qarabağa gələnlər maşınlarında silah-sursat daşımır? Bu kimi məsələlərə diqqət etmək çox vacibdir”.