“Polad Bülbüloğludan sonra Əbülfəs Qarayev də məni aldatdı”

  • 05.03.2021
  • 0

“40 ildir ki, bu məhdud şəraitli evdə yaşayıram. Rövşən və ailəsi kirayə qalırdı. O cəbhəyə gedəndə anasının ürəyinə damdı, ailəsini bizim yanımızda olan evə kirayə yerləşdirdi. 25 il dövlətə xidmət edib, 45 yaşında İkinci Qarabağ savaşına gedib. Müstəqil və varlı dövlətin zabitidir. Niyə kirayədə yaşamalıdır?! Mən Xalq artistiyəm, niyə bu şəraitdə yaşamalıyam?”

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Xalq artisti Əli Nur deyib. Məşhur teatr aktyoru Vətən müharibəsində şəhid olan oğlu, baş leytenant Rövşən Nurzadənin ailəsinin kirayə qaldığını, özünün isə uzun illərdir birotaqlı mənzildə yaşadığını qeyd edib. 

Akademik Milli Dram Teatrının aktyoru bildirib ki, sözügedən birotaqlı evdə 10 nəfər yaşayır: “Məhdud şəraitdə iki oğul, qız, 6 nəvə böyütmüşəm. 40 ildir ki, buradayam. Axşamlar burada 10 nəfər insan yatır. Oğlum dəfn edilən gün insanlar bura gəlirdi, ancaq oturmağa yer tapmırdı. Bütün ziyalı, ictimaiyyət nümayəndələri təəccüb edirdi ki, Xalq  artisti hansı vəziyyətdə yaşayır. 

Əbülfəs Qarayev (keçmiş mədəniyyət naziri) hər zaman məni qucaqlayıb deyirdi ki, səni qiymətləndiririk. Əbülfəs Qarayev, sən məni necə sevirsən? Məni 15 il qucaqlayıb yalandan demisən ki, 1-2 gün gözlə. Mənə deyib ki, Cənab Prezidentə ev üçün müraciət ərizəsi yaz. Özü də deyib ki, şəxsən özümə ver. Yazıb aparmışam, bir gündə iki dəfə Nazirliyə getmişəm. Sən demə, Ə. Qarayev məni aldadırmış. İş yerimdən belə deyirdilər ki, neçə illərdir mənə ev verirlər, guya imtina etmişəm. Belə söhbət olmayıb.  Ancaq telefonla zəng vurub deyirdilər ki, evin hazırdır. Bilirdim ki, bu, Qarayevin oyunu idi. Bir insan  bu qədər dələduz, yalançı olmaz. Məni necə Polad Bülbüloğlu aldatdısa, Qarayev də elə etdi. Axı onların sözünü gəlib ailəmə deyirdim, oğlum Rövşən bunları başa düşür, məni aldatdıqlarını deyirdi.  

 

Sumqayıtda Hacı Xəlilov adında aktyor var idi. Dəfnində iştirak etmişəm, qəbirüstü abidəsini götürtmüşəm. Sumqayıt Dövlət Dram teatrında çalışırdı, öz üçotaqlı evimi ona vermişəm. Xəstə idi, gördüm ki, can verir. Üç qızı, bir oğlu var. O uşaqlar harda qalmalı idi? Mən də gəlib Həmkarlar Təşkilatının sədri Əşrəf Veysəllini (Şəfiyev) götürüb İcra Hakimiyyətinə getdim. Öz evimi həmkarıma verdim. Çünki xəstədir, uşaqları ortada qalacaq. Mədəniyyət Nazirliyi də söz vermişdi ki, problemlərim həll olunacaq.

Bu hadisə 1986-cı ildə baş verdi. Ondan sonra Polad Bülbüloğlu mədəniyyət naziri oldu. Nə qədər tədbir var idisə, ora gedirdim. Mən Sumqayıt Dövlət Dram teatrında direktor olduğum müddətdə 3 ilə 30 aktyora, işçilərə ev verilməsini təmin etdim. 

Fransız aktyoru Jerar Depardye onun haqqında nələr deyir... Söyləyir ki, Qarayevin evi elə bil ki, dünyanın böyük muzeyidir. Bilirəm ki, Azərbaycan teatrlarını pis günə qoyublar. Ayıbdır, mərdi qova-qova namərd etmək olar? Mənim bu qədər dost, tanış, əqrəbam var. 10 nəfərin yaşadığı evə gələ bilmirəm. Qonşular deyir ki, oğlunun yasından gedən qadınlar hamısı deyib ki, Xalq artistinin yaşadığı evə baxın. Mədəniyyət Nazirliyi haqqımı nə üçün yeməlidir? Niyə şərəf və ləyaqətimi alçatmağa çalışırdı? Heç kimin qarşısında əyilməmişəm.

Oğru olmasa bir nazirin 100-dən çox evi, minə qədər şirkəti, onlarla villası ola bilər? Hansı pulla bunları tikir? Demək ki, oğrudur. Hamıya hörmət edən insanam! Amma bu Mədəniyyət Nazirliyi başıma daş salıb".

Nə düşünürsən?