Bu epizoda görə Hakimlər Komitəsi Əliyar Ağayevi cəzalandırıb

  • 14.02.2024
  • 0

 

 

Son zamanlar Azərbaycan futbolunda hakimliklə bağlı ciddi narazılıq var. Demək olar ki, klubların idarəçiləri, məşqçiləri hər oyundan sonra referilərlə bağlı şikayətlərini dilə gətirir. Hətta vəziyyət o qədər ciddidir ki, Hakimlər Komitəsinin sədri Barış Şimşek Premyer Liqa təmsilçiləri ilə ayrıca görüş keçirdi. Klublar Komitəsi ilə türkiyəlinin iclasından sonra bir sıra hakimlər cəzalandırıldı. Mediada yazılanlara inansaq, Fərid Hacıyev və Rauf Cabarov uzun müddət Premyer Liqada oyun idarə etməyəcəklər. 

 

Bu gün redaksiyamıza daxil olan informasiyaya görə, FIFA referisi, ölkənin ən istedadlı hakimi hesab olunan Əliyar Ağayev də cəzalananlar siyahısına daxil edilib. Tanınmış hakim 1-2 tur Premyer Liqada oyun idarə etməyəcək. FIFA referisi çempionatının XXII turunda oyuna təyinat almadı. Düzdü, fevralın 12-də Yunanıstan Super Liqasının XXII turunun PAOK - AEK (1:1) oyununu idarə etdi. FIFA referisi I Liqada sabah keçiriləcək "Qaradağ Lökbatan" - "Karvan" matçında söz sahibi olacaq. Yuxarıda qeyd etdiklərimizdən belə görsənir ki, ortada hansısa cəzalandırma yoxdur. Lakin həqiqət fərqlidir. 

 

Bəs, Əliyar Ağayev niyə cəzalandırılıb? Referi Misli Premyer Liqasının XX turunun "Araz-Naxçıvan" - "Sumqayıt" matçında ciddi səhvə yol verib. Qarşılaşmanın 51-ci dəqiqəsində Kamran Əliyev Nicat Süleymanova qarşı açıq-aşkar kobudluq edib. Referi onu "kimyaçılar"ın üzvününü sarı vərəqə ilə cəzalandırıb. Var hakimi Rauf Allahverdiyev Əliyarı epizodu təkrar izləməyə dəvət edib ki, oyunçuya "qırmızı" versin. FIFA hakimi görüntüyə baxdıqdan sonra fikrini dəyişməyib. Lakin Hakimlər Komitəsinin ümumi iclasında qərarının yanlış olduğu bildirilib. Bu səbəbdən də Əliyar Ağayev qurum tərəfindən cəzalandırılıb. Referi Premyer Liqanın XXI turunda heç bir oyuna nə əsas, VAR, nə də 4-cü hakim kimi təyinat almayıb.

 

Əliyar Ağayevin cəzalanmasına səbəb olan epizodu diqqətinizə çatdırırıq...