Mahir Emrelinin fanatı Yunanıstanda azarkeşi öldürdü

  • 08.08.2023
  • 0

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək AEK - "Dinamo" (Zaqreb) matçından öncə ciddi insident yaşanıb.

Publika.az xəbər verir ki, UEFA-nın qoyduğu qadağaya rəğmən Xorvatiya çempionunun fanatları Yunanıstana yollanıblar. Məlumata görə, 150-200 nəfərlik çılğın azarkeş qrupu matçın keçiriləcəyi Afinaya avtomobillə gəlib.

Onlar burada dinc dayanmayıblar. Paytaxtın Nea Filadelfiya bölgəsində AEK və "Dinamo"nun azarkeşləri arasında kütləvi dava baş verib. Nəticədə 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Vəfat edən şəxs Afina təmsilçisinin 22 yaşlı fanatı olub. Yaralananlardan 4-ü xorvatlardır. Aralarında daş dəyməsi nəticəsində başından xəsarət alan azyaşlılar da var.

Dava polisin müdaxiləsindən sonra başa çatıb. İnsidenə görə 96 nəfər saxlanılıb. Həbs edilənlər arasında 82 xorvat, iki yunan var. Maraqlıdır ki, polisin saxladığı şəxslər arasında Avstriya, Bosniya və Hersoqovina, Albaniya və Almaniya vətəndaşları da var.

Hadisə nəticəsində ictimai-iaşə obyektlərinə, mağazalara, avtomobillərə zərər dəyib.

Qeyd edək ki, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo" bu gün saat 22:45-də keçiriləcək qarşılaşmada AEK-in qonağı olacaq.

Nə düşünürsən?