Yeni Baş prokuror Kamran Əliyev kimdir?

  • 01.05.2020
  • 0

Yeni Baş prokuror Kamran Əliyev kimdir? Azərbaycan Respublikası Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib. Kamran Əliyev 18 noyabr 1965-ci ildə Balakən rayonunda anadan olub. O, 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq, Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat Prokurorluğunda müstəntiq vəzifəsi üzrə stajor təyin edilib. O, daha sonra həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləmişdir. 1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili almış, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir. 1993-cü ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır. Kamran Əliyev sonrakı əmək fəaliyyətinə Azərbaycanda davam etmişdir. Belə ki, o, köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rəisi vəzifələrində işləmişdir. 6 avqust 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə o, Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib. Hüquq elmləri üzrə fəlsəfə doktoru olan Kamran Əliyev II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. İngilis və rus dillərini sərbəst bilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının üzvüdür. O, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür; habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə, 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il mayın 1-də keçirilən iclasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə namizədliyi irəli sürülən Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin namizədliyi səsverməyə qoyularaq təsdiq edilib. Musiqi: YouTube Library / Sightlines 3:52 Jeremy Blake Pop | Xoşbəxt

Nə düşünürsən?