Kameraların altında əks yola çıxanlar, qırmızı işıqdan keçənlər

  • 21.09.2020
  • 0

Təhlükəsiz şəhər kameralarının iş prinsipinə əsasən əks yola çıxan və qırmızı işıqdan keçən sürücülər sürət həddini aşma kimi avtomatik rejimdə qeyd olunmur. Mütləq kamera arxasında oturan səlahiyyətli şəxs bunu qeyd etməlidir. 19 sentyabr tarixində bu cür kobud qayda pozan sürücülərin bəziləri səlahiyyətli şəxslərin nəzərindən yayına bilsə də YPX.AZ kameralarından yayına bilməyib. 99 KT 546 DQN-lı avtomobilin sürücüsü 12:04 radələrində Əsəd Əhmədov küçəsində əks yola çıxıb. Videogörüntüdə görünür ki, sürücü avtomobildə tək deyil, hətta arxada azyaşlı uşaqlar da əyləşib. Bəs görəsən bu sürücü əks yola çıxmalar zamanı baş verən qəzalardan, nəticələnən xəsarətlərdən niyə ibrət almır? Görünən odur ki, bu sürücünü qaydalarla avtomobil idarə etməyə yalnız cərimələr sövq edə bilər. 13:33 radələrində Tbilisi prospektində svetoforun qırmızı işığında hərəkət edən 99 KT 373 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü də təhlükəli sürücülərə aid etmək lazımdır. Yəni svetoforun yaşıl işığının yanmasını gözləmək digərlərinə təhlükə yaşatmaqdan daha çətin prosesdirmi? 14:24 radələrində Biləcəri qəsəbəsindən avtovağzal istiqamətində hərəkət edən 90 PX 079 DQN-lı avtomobilin sürücüsü isə nə qaydalara məhəl qoyur nə də təhlükəsizlik barədə düşünür. Təsəvvür edin ki, bu sürücü döngədə tam olaraq əks yola çıxır. Yüklü yük avtomobilinin demək olar ki altına girir. Onun kor nöqtəsi ilə dönmə yerinə yetirir. Anlamaq istəmir ki, bu trayektoriya ilə dönmək onun həyatı bahasına başa gələ bilər. Əbəs yerə həmin hissəyə 1.1 xətti çəkilməyib axı.

Nə düşünürsən?